Mən, dostum Murad (öz motosikleti ilə) və ikitəkərli Süzi adlı motosikletim qərara aldıq ki, Bakıdan İsmayıllıya gedək. Gedənədək wikiloc adlı mobil tətbiqdən istifadə etdim və yolboyu marşrutu Sizinlə bölüşürəm.

https://www.wikiloc.com/motorcycling-trails/zykh-culyan-49954732

Maşınla gedəndə əlini pəncərədən çıxarıb o küləyi hiss etmisiniz. Təsəvvür edin nə həzz ala bilirsinizsə bir əlinizi çıxarmaqla, motosikletdə tam olaraq o hissi yaşaya bilərsiniz. Külək üzünüzə toxunur, toxunduqca ətrafda bitən otların, yetişən meyvələrin iyi burnunuza və beyninizə dolur. Xatirələr belə yaranır. Həmin xatirələrdir ki, evdə çiyələk yedikdə və meyvə iyi burnunuza gəldikdə o azadlığın hissini yaşayırsan. 


Sena markalı motodəbilqəyə taxılan bir qurğu imkan verdi ki, dostumla yolboyu rahat danışa bilim. Dostlarınla birgə maşında gedəndə belə, onlar telefonları ilə eşələnir, kimsə yatır, kimsə siqaret çəkir deyə ürəkdolusu söhbət etmək mümkün olmur. Motonu hərə özü sürdükdə və uzaq bir yola gedəndə çox maraqlı söhbətlər etmək olur. Baxmayaraq eyni yolu gedirik, sürətlərimiz fərgli ola bilər, biri sağ digəri sol yol ilə gedə bilər. Yəni hərə öz həzzini yaşayır və paralel olaraq da bu həzzi bir birimizə səsli şəkildə ötürə bilirik. Bir mənfi tərəfi də ondan ibarətdir ki, dostunun səsi yoxdursa və uzaq yolda sənə mahnı oxumaq qərarına düşürsə, məcburən ona qulaq asmalısan 🙂

Motosiklet bir fəlsəfədir. Həmişə məndən soruşurlar «Qaqa, bir gəşəng sport motosiklet istəyirəm, nə məsləhət görürsən?». Cavabında deyirəm ki, sürəti sevirsən ya qız «tutmaq» üçün lazımdır? Əgər motosiklet almaq fikriniz varsa, mütləq ki, özünüzə sual verin “Mənə nə üçün lazımdır?». Onda həqiqətən moto-nuzdan həzz ala biləcəksiniz. Mən, uzaq və maraqlı yolları sevirəm, yol örtüyü asfalt olub olmamasından asılı olmayaraq həmin yerlərə getmək daha maraqlıdır. Motosikletimi sırf bu istəyimə görə və bütün yuxarıda sadaladıqlarıma cavab verəcək bir modeli seçdim. Bəzi təcrübəli moto sürənlər əvvəl sadəcə şəkildə gördükləri və görünüşünə vurulduqları moto alsalar da bir müddət sürdükdən sonra dəqiq başa düşürlər ki, onlara nə tip moto lazımdır və onlar daha dəqiq motosikleti nə cür istifadə edəcəklərini anlayırlar.

Suallarınızı yazsanız, suallara uyğun ətraflı bir video çəkəcəm. 

Yaşayırıqsa gözəl yaşayaq, fərq etmir bunu piyada edirik və ya digər nəqliyyat vasitəsi ilə.