Yay gəldi – beynim və ruhumun tamamilə yenilənməsi, yeni ideyaların əldə olunması, işə və proyektlərə fikrin cəmlənməsi üçün özüməməxsus istirahətə ehtiyac duyulurdu.

“Süzi” – adı almış 150 kubluq mənə məxsus motosiklet ilə Azərbaycanın bütün rayonlarını (işğal altında olan rayonlardan başqa, bəlkə tez bir zamanda o rayonlara da gedib çıxa bildik) gəzmək qərarına gəldim.

Uyğun bir zaman Ramazan bayramı idi və bu vaxt ərzində həm ailəyə həm də özümə vaxt ayırmalı idim. 24 iyun 2017-ci il səhər saat 9:00 və mən evdən motosiklet ilə yola çıxıram.

“Fikrimdə təyinat nöqtəsinə çatdıqdan sonra istirahət deyil, tək -yəni “özümlə” keçirəcəyim hər bir saniyədən zövq almaq, həmin anda istirahəti hiss etmək idi. Bir sözlə devizim – CARPE DİEM!

Həmişə maşınla getdiyim yol bu dəfə tam ayrı bir ləzzət bəxş edirdi. Təbiətə maşının pəncərəsindən baxmaq, ekranda film izləmək kimidir amma moto ilə sən təbiətin özüsən, onun bir parçası olmasını hiss edirsən. Süzi, Mən, bir də Özüm uzun yolu birgə gedirdik. 

Kollektivi sevən insanam amma tək qalmaqdan çəkinmirəm, düşünürəm özümə vaxt ayırmalıyam. Daxili dünyam ilə balans yaratmaq lazımdır. İstədiyimi etmək, harada könlümə xoş idisə saxlayıb çay içmək, qarğıdalı yemək, sadəcə ağac kölgəsində oturub dağlara baxmaq, bu arada Moto-ya istirahət vermək, istədiyim zaman ərzində fasilələr vermək və ya yolumu davam etdirmək sadəcə öz əlimdə olduğundan zaman anlayışın qəbul etmirdim.

Yolum – Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ idi. 

     Qobustan – hamının bildiyi tozlu, daşlı, “keçəl” qayaları olan Qobustan yolu. Bircə bu yolda ürəkaçan buludlar və səyahətimə yenicə başlamağım idi. Əgər bu yolla geri (Bakıya) qayıdası olsanız yaxınlıqda görəcəyiniz ilk ağac kölgəsi altında istirahət edin. Çünki bütün yol boyu kölgə olmayacaq.

     Şamaxı – Bu yol yaşıllığa açılan qapıdır. Oooo qarğıdalı ki, vaaar… Hər bir azərbaycanlı orada saxlayıb onun dadına baxıb. Burulan yollar və maşınla gedəndə – “oooy daaa gör nə qəşəngdir” dediyin və maşını saxlamağa imkan olmadığından həzz ala bilmədiyin yerlərdə Süzi ilə dayanıb uzaqlara baxırdım.

     İsmayıllı – Ağacların bir birini qucaqladığı və öz qolları altında səni qəbul edib sərinliyini əsirgəməyən bir məkan. Bu yolda maşınla problemi olanlar çox idi. Təmir alətlərimi də (moto-da problem olarsa yolda təmir edim deyə) götürdüyümdən yardım etmək üçün həmin maşınlara yaxınlaşırdım. Solo gəzintinin ayrı bir marağı da ondan ibarətdir ki, kimsə eşidəndə – Bakıdan tək gəlmisən, tamamilə başqa cür qarşılama rejiminə keçirdilər. Maşınların problemi kənarda qalırdı – Motosikletin maksimum sürəti, 100-ə nə qədər benzin yandırılması ilə maraqlanırdılar. 

     Qəbələ– Çatan kimi Karvan adlı bir oteldə gecələmək fikrinə düşdüm. İllər öncə o oteldə qalmışdım və bu otellə bağlı xoş xatirələrim var idi: Çay axırdı və üzərində elə düzəltmişdilər ki, rahat oturub yemek yeyə, quşların səslərini eşidə bilir, çayın şırhaşır səsi iştah açırdı. İndi isə oralar sakitçilik, oturacaq yerlərin sökmüşdülər. Buna baxmayaraq heç komfortluğu fikirləşmədən yenidən burada qalmağa razılaşdım. Çantanı hoteldə qoyduqdan sonra birbaşa sürdüm Nohurgölə. Bir yer sifariş elədim və 3 saat tək oturdum. Tək? Məncə tək deyildim. Əgər bu vaxt ərzində insan darıxmırsa demək o tək deyil.

 Gözlərini yum, eyni anda otların iyini, açıq səmanı, quşların cəhcəhini, ağac yarpaqları bir birinə toxunaraq çıxardığı səsi, buludların günəş şüalarının qarşısını kəsərək xoş kölgə yaratmasını təsəvvür elə. Edə bilmirsənsə motosiklet ilə səyahətə çıxmağı məsləhət görərdim.

“Məncə istirahət – beynin müvəqqəti olaraq heç nə haqında düşünməməsidir. O istirahət uzun müddət davam edərsə – ruhun dincəlməsinə gətirib çıxarar.”

Solo səyahət ona görə xoşuma gəlir ki, geriyə – evə qayıdanda belə yol insanın gözünə yorucu bir prosses kimi görsənmir, əksinə bu yolun özünə səyahət kimi baxırsan.

     Daima səyahət edin. Özünüzə, fikirlərinizə, daxilinizə vaxt ayırın.