Taksidəyəm, Suzi ilə gəldiyim bu yolu indi maşınla gedirəm. Taksidə oturub yalnız maşının içərisinə daxil olan, moto ilə gedəndə xüsusi həzz aldığım, lakin indi kobud olan bu küləyin qulağımın içinə dolmaması üçün maşın pəncərəsinin düyməsinə basaraq həmin şüşəni yuxarı aşağı salıb tənzimləyirdim.

“Keçmiş yazılarımdan: “Süzi” – adı almış 150 kubluq mənə məxsus motosiklet ilə Azərbaycanın bütün rayonlarını (işğal altında olan rayonlardan başqa, bəlkə tez bir zamanda o rayonlara da gedib çıxa bildik) gəzmək qərarına gəldim.”

Göytəpə… Mən Cəlilabada qayıtdım. Motosikleti götürüm və yoluma davam edim. Qarşıda məni Lənkəran, Lerik və Astara gözləyir.

Özümü yuxusuz və yorğun hiss etməyimə baxmayaraq, dostumun bağında boynu bükük olan Süzimi görəndən sonra əhvalım tamamilə dəyişdi. 1 həftədi Cəlilabadda qalan motosikletimə qovuşdum. Mənə xoş olan insanlarla 1 stəkan çay da içdikdən sonra motosikletin motoru isinən kimi asta sürətlə həyətdən çıxdım. Nə xoş hislər, özümə qayıdıram, beyinlə ruh sinxronlaşmağa başlayır. Dərindən nəfəs alırsan və 80 km/saat Masallı istiqamətində irəliləyirsən.

Masallının girəcəyində saxladım. “MASALLI RAYONU” yazılan lövhənin qarşısında video çəkdirməyi unutmuşdum deyə bunu etdim. Bəzən təbiətə, özünə və ətrafa baş elə qarışır ki, birdən yadına düşür – bəs video və şəkil çəkmək lazımdır axı. Əsas gözlər görür, xatirələr lentinə həkk olunan 24 kadrlıq yaşıllıqla dolu görüntülər.

Lənkərana çatdım qarşımda 2 yol. Astaraya gedim sonra Lerik istiqamətinə və ya tərsinə…? Seçdim Lerik yolun. Yolları yenidən düzəldirlər. Yaxşı ki, ya çox təəssüf edirəm ki motosiklet ilə gəlmişəm? Bir tərəfdən, olmayan yollar və motosiklet hər bir maneəni rahatlıqla keçmək üçün ayaq üstə dayanaraq sürmək. Digər tərəfdən isə, irihəcmli maşınlar sürətlə yanından keçir, toz qalxır, təkər arasından çıxan daşın sıçrayaraq mənə dəyməməsi üçün məsafələr saxlamalı olursan.

Sadəcə fasilə üçün dayanıram. Sürməkdən yorulmuşam…? Aydın oldu niyə yorulmuşam, 8 saat ərzində 15-ci adama rast gəlirəm və eyni suallar – maksimum sürət neçədir, uzaqdan gəlirsən, bak nə qədər benzin tutur, 100-ə nə qədər içir, bundan bir dənə özümə alsam neçəyə başa gələr? Əgər uzaq yol sürəcəksinizsə ən gözəl hiss – yolda yeni tanış olan insana sual verməyə imkan vermədən yuxarıda qeyd etdiyim sualların cavablarını birbaşa ona deyib gözlərinin içinə baxın. Uzun sürən pauzadan sonra təbəssüm gələcək.

Lerikdən yenidən qayıdıram və Astara istiqamətində gedirəm. Acmışam… Acmışaaaam. Bəs ləvəngi? O boyda yol gələsən ləvəngi yeməyəsən? Mütləq. Balaca çolpanı necə “dağıtdım”sa onda başa düşdüm ki, yolboyu nə təbiətdən, nə dənizdən, nə quşlardan həzz almırdım. İlk növbədə qarnım tox olmalıdı ki, beynimi hiss edə bilim.

Bakıya qayıdıram. Uzun yol, Ələt yolu. Ancaq Günəş və Mən. O dağın arxasında gizləndikcə mən Bakıya yaxınlaşıram. Gözəl mənzərə, yer kürəsinə son çatan qırmızı şüalar və dağların arxasında qıpqırmızı günəş. 16 saatdır hərəkətdəyəm və yol kənarındakı fənərlər yandıqdan sonra zamanın necə getdiyini və bu saatlar ərzində nə kimi yorğunluq, problemlər keçirdiyini unutmuş olursan.