4 il Haojue 150 kubluq motosiklet ilə bir çox rayonları gəzdim. İlk şəxsi motosikletimin olmağına baxmayaraq, əzizlədim, sığalladım və o da məni yarı yolda heç zaman buraxmadı. Taaaa əvvəldən mən Suzuki Vstrom 650 istəməyimə baxmayaraq, heç cür imkan edib ala bilmirdim. Ya pulu paraşuta xərcləyirdim ya da pul olanda satışda bu model olmurdu.

İkisinin də üst üstə düşən bir məqamda qərara aldım ki, Haojue motosikletimi satım.

Sağollaşdım, kövrəldim. Amma yeni motosiklet məni gözləyirdi.

Suzuki Vstrom 650 – Mənim Süzim. Baxmayaraq ki, Coronavirusa görə çox da uzaqlara sürməyim mümkün deyil, inanıram ki, bunların hamısı bitən kimi çox böyük bir səfər edəcəm.

İstəklərimdən biri də “Iron Butt” – (Dəmir Dal 🙂 ) deyilən bir assosiasiyadan sertifikat əldə etməkdir. Əsas məqsəd isə 1000 mil, yani 1609 km yolu bir oturma ilə 24 saat ərzində qət etmək lazımdır.

Sözsüz bu sertifikat heç kəsə və heç nəyə lazım deyil. Düşünürəm müəyyən yaş dövründən sonra digərlərinə nəisə sübut etməyə ehtiyac qalmır, ən əsası özünə sübut etməyin kifayətdir. Məhz elə Iron But sertifikatını əldə etməyim sırf özümə – “Mən bunu etdim!” demək olacaq. Özümə sübut etmək mənim üçün kifayətdir.

Özünüzə zirvələrin fəthini sübut etmə diləyi ilə!