Həmişə özümə aktiv hobbilər seçmişəm. Düşünürdüm ki, elə bir marağım olsun ki, boş vaxtlarımda, nə isə yarada bilim. Açdım interneti və başladım top 100 hobbilərə baxmağa. Passiv hobbilərdən yalnız taxta ilə işləmək diqqətimi çəkdi. Həqiqətən mənim üçün çox maraqlı əyləncədir. Sonradan götür – qoy edib, avadanlıqların alınması və ev şəraitində bununla məşqul ola bilməməyim bu fikri məndə daşındırdı.

Daha sonra dəri işləri ilə maraqlandım. Gördüm ki, ev şəraitində rahat bu işə girişmək olur. Bir az araşdırma edib, getdim Laçın ticarət mərkəzinə. Kiçik bir dəri, biz, sap, iynələr və dəri ləvazimatlarından bir neçə şey aldım.

Asta – asta eybəcər tikişlər vuraraq bu işi öyrənməyə başladım. Arada düşünürəm Youtube olmayanda camaat necə hər şeyi öyrənə bilirdi?! Sağ olmuşlar bütün incəliklərinə qədər göstərirlər kanallarda. Uzun sözün qısası, xəstələndim bu işlə. Ebay və Aliexpress-dən, eləcə də bəzi dəri brendlərindən lazım olan və ümumiyyətlə lazım olmayan alətləri almağa başladım.

Bütün alətləri aldıqdan sonra başladım keyfiyyəti yaxşılaşdırmağa. O həddə çatdı ki, dostlarım ciblərindən portmone çıxaranda əvvəl Şrekin pişiyinin baxışları ilə mənə baxıb, sonradan “Qaqanın portmonesi köhnəlib eee” deyərək, onlar üçün nə isə tikməyimi bildirirdilər. Bu işə həvəsim ölməsin deyə “MadeInPodval” hashtagı ilə post paylaşdım və daha sonra Cofkan brendi yarandı. Etsy.com üzərindən satışları həyata keçirirəm. Pul tərəfdən çox az qazanc olmasına baxmayaraq öz məhsulunu Amerika və ya Avstraliyaya göndərmək xüsusi həzz verir.

Bir balaca dəri portmone tikilməsi üçün 2-3 saat vaxt gedir, amma bu vaxt ərzində bütün fikrin və hisslərin dərinin yanında, tikilişin səliqəli olmasına fokuslanır.

Bu arada, bu barədə sual və təklifləriniz varsa kömək etməyə şad olaram.